Saturday, 2024-04-27, 3:08 AM
www.pchack.ucoz.org HomeSign UpLog In
Welcome Guest | RSS
Our poll
Sayt bəyəndiniz
Total of answers: 9
Chat Box
Statistics

Total online: 1
Guests: 1
Users: 0
  
Home » 2008 » September » 18 » İKT-nin 50 illiyinə həsr olunmuş “Kibernetika və informatika problemləri” mövzusunda II beynəlxalq konfrans öz işini yekunlaşdırıb
9:02 AM
İKT-nin 50 illiyinə həsr olunmuş “Kibernetika və informatika problemləri” mövzusunda II beynəlxalq konfrans öz işini yekunlaşdırıb

Qloballaşan dünyada İKT-nin rolu

Konfransda qloballaşan dünyada İKT-nin dinamik inkişafından, bu sahədə əldə olunan mühüm nəticə və nailiyyətlərdən söhbət açılıb, Azərbaycanın İKT sahəsində gələcək inkişaf perspektivləri, bu istiqamətdə imkanların genişləndirilməsi ilə əlaqədar olaraq yaranan elmi və praktiki problemlər müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan AMEA prezidenti akademik Mahmud Kərimov konfrans iştirakçılarını salamlayaraq müasir informasiya texnologiyalarının inkişaf etdirilməsinin Azərbaycanda da dövlətin qarşısında duran prioritet vəzifələrdən biri olduğunu, bu sahəyə xüsusi diqqət yetirildiyini vurğulayıb. Hər bir dövlətin, xalqın ümumi inkişaf səviyyəsinin, intellektual potensialının göstəricisi olan informasiya-kommunikasiya texnologiyalarının ölkəmizdəki inkişaf tarixindən danışan alim 50 il ərzində bu sahədə hazırlanan mütəxəssislərin yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da tanındığını bildirib.

Qloballaşan dünyada müasir tələblərə müvafiq İKT-kadrların formalaşması, gənclərin elmi potensialının artırılmasının mühüm vəzifələrdən biri olduğunu qeyd edən M.Kərimov ölkəmizdə bu istiqamətdə mühüm işlərin görüldüyünü qeyd edib.

AR Rabitə və informasiya texnologiyaları naziri akademik Əli Abbasov Azərbaycanda İKT-nin inkişaf etdirilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərindən danışaraq, ölkəmizin bu sahədə inkişaf səviyyəsinə görə Davos forumunun reytinq cədvəlində dünyada 67-ci yeri, MDB ölkələri arasında isə 1-ci yeri tutduğunu bildirib. Ə.Abbasov qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dövrdə informasiyanın əhəmiyyətindən, dövlətin yürütdüyü informasiya siyasətindən və ölkəmizdə informasiyaya olan ictimai tələbatın daha da artmasından, informasiyanın ötürülmə sisteminin inkişafı istiqamətindəki problemlərdən söhbət açıb. Yeni müstəqillik qazanmış ölkələr üçün bunun daha çox əhəmiyyət daşıdığını qeyd edən alim Azərbaycanla bağlı tarixi həqiqətlər, ölkənin daxili və xarici siyasəti, ölkədə baş verən hadisələr və s. haqqında məlumatların müxtəlif dövlətlərə sürətlə ötürülməsində yaranan problemlərdən, Şərq və Qərb dövlətləri arasında super informasiya magistralının yaradılmasının əhəmiyyəti və zəruriliyindən danışıb.

İtaliyanın Azərbaycandakı səfiri Can Luici Maşa, akademik İsmayıl İbrahimov, AMEA Kibernetika İnstitutunun direktoru akademik Telman Əliyev, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Asəf Hacıyev, Larisa Lesko (Ukrayna) çıxış edərək müasir qloballaşma dövründə elm, təhsil, iqtisadiyyat və digər sahələrdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin vacibliyindən, bu sahədə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətindən danışdılar, bu sahədəki təcrübələri və əldə etdikləri elmi nəticələrini bölüşdülər.

Tədbirdə həmçinin Abdus-Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzin direktorunun konfrans iştirakçılarına ünvanladığı məktubu oxundu.

Konfrans öz işini seksiyalar

üzrə davam etdirib

Konfrans öz işini sentyabrın 12-dək öz işini seksiyalar üzrə davam etdirib.

AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) “İnformasiya və kommunikasiya texnologiyaları”na həsr olunan seksiya iclasında AMEA İTİ-nin şöbə müdiri, texnika elmləri namizədi Rəşid Ələkbərov “Azərbaycan Respublikasında böyük hesablama resursları tələb edən mürəkkəb məsələlərin həlli üçün Superkompyuter Mərkəzinin yaradılması aspektləri” məruzəsi ilə çıxış edərək ölkəmizdə İnformasiya cəmiyyəti quruculuğunun əsas vəzifələrinə müasir informasiya-kommunikasiya infrastrukturunun formalaşdırılması, informasiya təhlükəsizliyinin təmin edilməsi, qlobal informasiya fəzasına inteqrasiya və digər vacib məsələlərin daxil olduğunu vurğulayaraq bu məsələlərin həlli zamanı meydana çıxan mürəkkəb hesablamalar və böyük həcmli yaddaş tələb edən məlumatları daha sürətlə emal edib, istifadəçilərə çatdırmaq üçün yüksək hesablama məhsuldarlığına və böyük yaddaşa malik olan superkompyuterlərdən istifadənin, bu sahədə dünya səviyyəli mütəxəssislərin hazırlanmasının zəruriliyini bildirdi. R.Ələkbərov ölkəmizdə Milli Superkompyuter Mərkəzinin yaradılması, burada həlli nəzərdə tutulan strateji əhəmiyyətli tətbiqi məsələlərin müəyyən olunması və onların reallaşdırılması üçün müvafiq elmi araşdırmaların aparılması istiqamətində məqsədyönlü işlər aparıldığını söylədi.

Məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb

“Ranqlama alqoritmi və onun sənədlərin referatlaşdırılmasına tətbiqi ” məruzəsi ilə çıxış edən AMEA İTİ-nin şöbə müdiri, fizika-riyaziyyat elmləri namizədi Ramiz Alıquliyev text mining, xüsusilə mətnlərin avtomatik referatlaşdırılmasının müasir İT-nin ən aktual və perspektivli istiqamətlərindən biri olduğunu söyləyərək, bunu ilk növbədə son illərdə informasiyanın çox böyük sürətlə artması ilə əlaqələndirdi. R.Alıquliyev öz məruzəsində mətnlərin avtomatik referatlaşdırılması üçün cümlələrin ranqlaşdırılmasına əsaslanmış alqoritm təklif etdi.

AMEA İTİ-nin şöbə müdiri, texnika elmləri namizədi Yadigar İmamverdiyev “Biometrik sistemlərin spufinq (aldatma) hücumlarına qarşı test edilməsi” məruzəsi ilə çıxış edərək biometrik texnologiyaların tətbiqi sahələri, biometrik sistemlərin təhlükəsizliyinin təmini, biometrik sistemlərin spufinq hücumlarına qarşı mübarizə üsulları, barmaq izinə əsaslanan biometrik sistemlərin spufinqi aşkarlama imkanlarının test edilməsi metodologiyası haqqında danışdı.

AMEA İTİ-nin sektor müdiri Ramiz Şıxəliyev “Biometrik sistemlərin təhlükəsizliyinin qiymətləndirilməsi metodologiyalarının analizi” məruzəsi ilə çıxış edərək, mövzuyla bağlı təklif olunmuş metodologiyanın prinsipləri haqqında danışaraq, bu sahədə ümumi meyarların biometrik texnologiyalara tətbiqi, müvafiq qiymətləndirmə metodologiyalarının və mühafizə profillərinin işlənməsinin vacib məsələlərdən biri olduğunu qeyd etdi.

“Elektron-elm konsepsiyasının həyata keçirilməsinin zəruriliyi haqqında” məruzəsi ilə çıxış edən AMEA İTİ-nin baş mütəxəssisi Təhmasib Fətəliyev “Elektron Azərbaycan” DP çərçivəsində dünya təcrübəsinə əsaslanaraq “Elektron elm” proqramının işlənməsinin alimlərimiz qarşısında duran aktual məsələlərdən biri olduğunu, bu proqramın yaradılmasında əsas məqsədin respublikanın elmi qurumlarında idarəetmənin və aparılan elmi-tədqiqat işlərinin bütün mərhələlərində səmərəliliyini yüksəltmək, Azərbaycan elminin ümumdünya elektron informasiya məkanına inteqrasiya olunmasını təmin etmək və s. ibarət olduğunu vurğulayaraq bu sahədə mövcud vəziyyətin araşdırılması, İC-nin tələblərinə cavab verən “E-elm” konsepsiyasının hazırlanması və ölkəmizdə həyata keçirilməsinin olduqca vacib və aktual məsələlərdən biri olduğunu bildirdi.

“Korporativ şəbəkənin məhsuldarlığının artırılması və keş-serverlərdə sənədlərin yenilənməsi meyarları haqqında” məruzəsi ilə çıxış edən AMEA İTİ-nin şöbə müdiri, texnika elmləri namizədi Əmiraslan Əliyev korporativ mühitdə İnternet xidmətlərinin həyata keçirilməsi zamanı qarşıya çıxan çatışmazlıqlar, xüsusi avadanlıq və proqram təminatlarının köməyilə korporativ şəbəkənin məhsuldarlığının artırılması yolları, CDN şəbəkələri və keşləşdirmə mexanizminin tətbiqinin üstün cəhətləri haqqında danışaraq, İnternet xidmətinin keyfiyyət göstəricilərinin artırılması və yüksək səviyyəli monitorinqin təşkili üçün təkliflərini irəli sürdü.

AMEA İTİ-nin aspirantı Səadət Nəzirova spamlarla mübarizə üsullarına dair məruzə ilə çıxış etdi. S.Nəzirova spamlarla mübarizə üsullarından olan formal və linqvistik metodlardan danışaraq, hər bir üsulun özünün inteqral keyfiyyət göstəricisi olduğunu bildirdi.

AMEA İTİ-nin aspirantı Rəhilə Həsənova “Elmi məqalələrin PageRank alqoritmi ilə qiymətləndirilməsi” məruzəsi ilə çıxış edərək, PageRank modelinə əlavə olunmuş çəki funksiyasının üstünlüklərindən söhbət açdı, PageRank alqoritminə məqalələrdən verilmiş istinadların sayının və jurnalların inpakt-faktorunun daxil edilməsi məsələlərinə toxundu.

“Biometrik sistemlərdə təhlükəsizlik boşluqlarının analizi” məruzəsi ilə çıxış edən AMEA İTİ-nin aspirantı Fərqanə Abdullayeva biometrik sistemdə zəifliklərin mövcudluğunun başlıca olaraq sistemin layihəsindən və strukturundan, istifadə edilən biometrik xarakteristikadan və ya xarakteristikalardan (məsələn, barmaq izi, gözün qüzehli qişası və s.), idarəetmə siyasətindən asılı olduğunu qeyd edərək, bu sahələrin hər birinin özünə xas zəifliklər çoxluğu ilə qarşılaşdığını və lazımi əks-tədbirlərin görülməsi üçün analiz edilməli olduğunu bildirdi.

Tədbirdə həmçinin Daşkənd Avtomobil Yolları İnstitutunun əməkdaşı Saqdi Formanov “Avtonom naviqasiya daşınma vasitələrinin inkişafı” məruzəsi ilə, AMEA İTİ-nin dissertantları Həmid Zərgəri Əsl “Mobil telefonların xronoloji loqları əsasında sosial şəbəkələrin modelləşdirilməsi” məruzəsi ilə və Sadiq Derakşande “İnformasiya təhlükəsizliyi risqlərinin qeyri-səlis çoxluqlarla modelləşdirilməsi”, Azərbaycan Texniki Universitetindən Yusif Qaziyev “Telekommunikasiya sistemlərinin mikrodalğalar mexanizminin çoxsaylı modelləşdirmə proqramlarının təhlili”, AMEA Kibernetika İnstitutunun əməkdaşı Şükür Məmmədov “Şəbəkənin ümumi mənbə sistemində işarələyici hərəkətin aşağı qatda işarələnərək hesablanma metodu”, Azərbaycan Dövlət Neft Akademiyasından İbrahim İbrahimov “Azərbaycan mətnlərində istifadə olunan cümlələrin və sözlərin təhlili”, AMEA Kibernetika İnstitutundan Rauf Fətullayev “Dilmanc maşın tərcümə sisteminin tərcümə keyfiyyətinə təsir edən amillərin statistik təhlili”, Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşı Sərdar Şabanov “Elmi nailiyyətlərin birgə qiymətləndirilməsi”, AMEA Dilçilik İnstitutundan texnika elmləri namizədi Əbülfət Fətullayev “Dilmanc maşın tərcümə sisteminin türk-Azərbaycan tərcümə modulu” məruzələri ilə çıxış etdilər.

Views: 2005 | Added by: pchack | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Log In
Search
Calendar
«  September 2008  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
282930
Entries archive
Site friends
  • Official Blog
  • uCoz Community
  • FAQ
  • Textbook
  • Copyright MyCorp © 2024Powered by uCoz